Keçən ilin sonlarında hostinq xidmətimizdən istifadə edən bir müştərimiz saytının işləmədiyi ilə əlaqədar bizə müraciət etmişdi. Əməkdaşlarımız qısa zamanda saytın fayllarına nəzər saldı, sayt 2009-cu ildə hazırlanmış və o zamandan heç bir yenilənməsi olmamışdır. Hətta müştərinin dəyişən ofis ünvanları, gördüyü yeni işlər və layihələr haqqında məlumatlarda saytda öz əksini tapmamışdır. Saytın bərpa olunması və yenilənməsi mümkünsüz idi, çünkü saytın üzərində qurulduğu CMS artıq 6-7 ildir ki, yenilənmir və tam köhnəlmiş hesab olunur.

Həll yolu olaraq müştəriyə yeni saytın hazırlanmasını və 10 ilə yaxın əməkdaşlığımızı nəzərə alaraq yüksək endirim təklif etmişdik. Lakin müştərimizin fəaliyyət sahəsinin iqtisadiyyatımızda baş verən transformasiyalar nəticəsində həddindən artıq çox zərər görməsi onun sayt yenilənməsinə büdcə ayırmağına imkan vermirdi. Müştəri bizdən saytın ana səhifəsində saytın hazırlanma mərhələsində olması haqqında məlumatla yanaşı şirkətinin əlaqə məlumatlarını yerləşdirməyi xahiş edərək bildirdi ki, gələcəkdə yeni saytı sifariş edəcək.

Təbii ki, müştərimizin xahişini yerinə yetirdik, lakin bu hal bizi çox məyus etmişdi... Biz isə qərara gəldik ki, həmən şirkətin xidmətlərini və gördüyü işləri əks etdirən saytı təmənnasız hazırlayaq və müştərimizə hədiyyə edək. İlk müraciətdən 10 gün sonra, müştəri şirkətin direktoruna zəng edərək yeni saytları ilə tanış olmaqlarına və əlavə etmək istədikləri məlumatları bizə göndərməklərini xahiş etdik.

Şirkətimiz 12 ilə yaxındır ki, hostinq xidmətləri təklif edir. Şübhəsiz ki, xarici hostinq şirkətləri ilə qiymət fərginə baxdıqda bizim qiymətlərimizin dəfələrcə çox olması gözə çarpır. Lakin bizim xidmətimizin əsas hədəf kütləsi Azərbaycanda fəaliyyət göstərən şirkətlər və qurumlardır, onlar üçün saytlarının Azərbaycan ərazisində daha sürətli açılması, operativ müştəri xidmətləri, Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyatdan keçmiş şirkətə ödəniş etmək və s. kimi üstünlüklər 20-30$ qiymət fərqindən daha önəmlidir.